Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvandan Azərbaycan ordusunun Qarabağda “etnik təmizləmə” aparması ilə bağlı sübutlar istəyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Zaxarovanın sözlərinə görə, Qarabağın erməni sakinləri arasında etnik təmizləmə aparılmayıb, əgər İrəvanın bununla bağlı sübutları varsa, təqdim etsin:
“İstərdim ki, İrəvanın mötəbər hesab etdiyi hər hansı beynəlxalq təşkilatın sənədi varsa, mənə hər hansı fakt təqdim edilsin. Məsələn, Birləşmiş Millətlər Təşkilatı və ya başqa bir təşkilat. Əgər etnik təmizləmənin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, lütfən, həmin sənədlərin linklərini bizə təqdim edin”.
Zaxarova İrəvanın Rusiya sülhməramlılarına yönəlik ittihamlarına da toxunub:
“Ermənistan hakimiyyətinin Rusiyanın sülhməramlı qoşunlarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları konstruktiv deyil.
Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağdakı rus sülhməramlılarına qarşı ittihamlarını pozucu hesab edir, bu, faktlarla manipulyasiya cəhdidir”.