Dağlıq Qarabağdakı humanitar əməliyyatın əsas vəzifəsi dinc həyatın tezliklə bərpa edilməsindən ibarətdir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan və Ermənistana işgüzar səfəri zamanı Rusiyanın Fövqəladə hallar naziri Yevgeni Ziniçev deyib.
“Aparılan humanitar əməliyyatın əsas vəzifəsi bölgədə dinc həyatın tezliklə bərpa olunmasından ibarətdir. Əhali üçün mümkün mənfi nəticələri minimuma endirmək üçün Dağlıq Qarabağın real ehtiyacları barədə aktual və etibarlı informasiyaya malik olmaq bizim üçün çox vacibdir.
Öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağın infrastruktur vəziyyətinin və onun ehtiyaclarının qiymətləndirilməsinə dair işçi qrupların müntəzəm əsaslarla üzvüdür”, – deyə Rusiya FHN-in məlumatında Y.Ziniçevin sözləri sitat gətirilir.
Qeyd olunur ki, Rusiyanın fövqəladə hallar naziri Azərbaycanda Prezident İlham Əliyev və Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ermənistanda isə Baş nazir Nikol Paşinyan və Fövqəladə hallar naziri Andranik Piloyanla görüşüb.
“Görüşlər zamanı tərəflər nazirliklər arasındakı işin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində dövlətlərin hökumətləri arasındakı ikitərəfli razılaşmalara əsaslandığını qeyd ediblər”, – deyə məlumatda bildirilib.
Bundan əlavə, tərəflər Beynəlxalq humanitar reaksiya mərkəzinin işində göstərdikləri köməyə görə bir-birlərinə minnətdarlıqlarını və gələcək əməkdaşlığa inandıqlarını bildiriblər.
Ziniçev, bu günə qədər Dağlıq Qarabağa avtomobil nəqliyyatı vastitəsilə təxminən 300 ton humanitar yükün çatdırıldığını, həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə humanitar dəstəsinin də yerləşdirildiyini qeyd edib. Bundan əlavə, dəmiryolu ilə təqribən 1200 ton humanitar yükün çatdırılması başa çatıb.