BAKI, 16 yanvar. TELEQRAF

"Regional məsələlər komitəsinin hesabatını qənaətbəxş hesab edirəm. Həmçinin, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planını da bəyənirəm və dəstəkləyirəm. Bununla yanaşı, qanunvericilik fəaliyyətinin praktiki səmərəliliyini daha da artırmaq, eyni zamanda, icra prosesində yaranan institusional və normativ boşluqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması yönəlik iki təklifim var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclasında deputat Vasif Qafarov deyib.

O qeyd edib ki, təklif edilən məsələlərdən biri komitənin səlahiyyətlərinə aid qəbul edilmiş qanunların icra vəziyyətinin planlı və sistemli əsaslarla monitorinqinin həyata keçirilməsi ilə bağlıdır: “Bu məqsədlə müvafiq icraedici orqanlardan müəyyən edilmiş dövriliklə (illik və ya yarımillik) hesabatların alınması, monitorinq nəticələrinin komitə iclaslarında müzakirə olunması və zərurət yarandıqda normativ-hüquqi aktlara dəyişikliklərlə bağlı təşəbbüslərin irəli sürülməsini təklif edirəm.

Hesab edirəm ki, qanunların real icra vəziyyətinin mütəmadi izlənilməsi qanunvericilik fəaliyyətinin praktiki səmərəliliyini artıracaq və icra prosesində yaranan institusional və normativ boşluqların vaxtında müəyyən edilməsinə imkan yaradacaq. Həmçinin, qanunverici və icraedici hakimiyyət orqanları arasında hesabatlılıq və koordinasiyanı gücləndirəcək, eləcə də hüquqi tənzimləmənin real ictimai ehtiyaclara uyğunlaşdırılmasına xidmət edəcək.

Həmçinin bələdiyyələrin fəaliyyətinin qiymətləndirilməsi və qabaqcıl təcrübənin təşviqi daha məqbul olardı. Eyni zamanda çatışmazlıqların aradan qaldırılması məqsədilə komitə səviyyəsində ictimai dinləmələrin keçirilməsini təklif edirəm. Çünki bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ən yaxşı və ən zəif fəaliyyət göstəricilərinə malik bələdiyyələrin nümayəndələrinin iştirakı ilə komitə səviyyəsində ictimai dinləmələrin keçirilməsi vacibdir”.

Deputat bildirib ki, müstəqil ekspertlərin, akademik dairələrin, vətəndaş cəmiyyəti institutlarının və aidiyyəti sahə üzrə peşəkarların da iştirakı ilə ictimai dinləmələrin və ekspert müzakirələrinin təşkil edilməsi, habelə bu müzakirələrin nəticələrinin ümumiləşdirilərək qanun layihələrinin təkmilləşdirilməsində nəzərə alınması faydalı olardı: “Müsbət nəticələr əldə etmiş bələdiyyələrin uğurlu idarəetmə təcrübəsini sistemli şəkildə öyrənməli və ümumiləşdirmələr aparmalıyıq. Həmçinin, zəif fəaliyyət göstərən və nəticələri uğursuz olan bələdiyyələrdə mövcud problemləri və institusional çatışmazlıqları müəyyən etməli və onları aradan qaldırmaq istiqamətində addımlar atmalıyıq. Bu problemlərin aradan qaldırılması məqsədilə praktiki tövsiyələr və yol xəritələrinin hazırlanmasına da ehtiyac olduğunu düşünürəm.
Bu mexanizm bələdiyyə idarəçiliyində qabaqcıl təcrübənin yayılmasına xidmət edəcək.

Eyni zamanda, bu mexanizm zəif fəaliyyət göstəricilərinə malik bələdiyyələr üçün praktiki və tətbiq edilən inkişaf modellərinin formalaşdırılmasına imkan yaradacaq. Həmçinin, bu mexanizm yerli özünüidarəetmə institutlarının institusional gücləndirilməsinə və mərkəzi və yerli idarəetmə orqanları arasında dialoq və əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Hesab edirəm ki, bu yanaşma qanun layihələrinin keyfiyyətinin və tətbiq qabiliyyətinin yüksəldilməsinə, qərarların qəbulunda şəffaflıq və inklüzivliyin təmin olunmasına, ictimai etimadın gücləndirilməsinə, həmçinin praktiki icra mərhələsində yarana biləcək risk və problemlərin əvvəlcədən proqnozlaşdırılmasına şərait yaradacaq”.