BAKI, 20 iyun. TELEQRAF
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.
Teleqraf xəbər verir ki, sözügedən məsələ “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sədrə aşağıdakı səlahiyyətlər verilir:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;
- Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
- Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
- Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
- Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
- Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.