BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycanda vəzifəli şəxslərin reklam fəaliyyəti ilə məşğul olmasına dair qadağanın tətbiqi təklif olunur.

Teleqraf xəbər verir ki, “Maraqlar toqquşması haqqında” Qanun layihəsinin 14-cü maddəsinə əsasən, vəzifəli şəxs reklamla məşğul ola bilməyəcək.

Bundan başqa, vəzifəli şəxsin şəxsi maraq, o cümlədən hər hansı haqq müqabilində sahibkara, onun istehsal və ya idxal etdiyi mala, gördüyü işə və göstərdiyi xidmətə münasibət bildirməsinə də yol verilməyəcək.

Beləliklə, layihə vəzifəli şəxslərin qulluq mövqeyindən və ictimai nüfuzundan kommersiya məqsədləri üçün istifadə edilməsinin qarşısını almağa yönəlib.

Müddəanın əsas məqsədi dövlət vəzifəsinin şəxsi və kommersiya maraqlarına xidmət etməməsini təmin etməkdir.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib