
BAKI, 20 fevral. TELEQRAF
Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində Türkiyənin Azərbaycana hansı formada dəstək göstərdiyini açıqlayıb.
Teleqraf-ın xəbərinə görə, o, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına, azad edilmiş ərazilərin bərpasına, sosial və iqtisadi inkişafına sadiq olduğunu bildirib.
“Lakin bu səylərə konkret dəstək göstərən ölkələrin sayı azdır. Xüsusilə qardaş Türkiyənin bu məsələdə dəstəyini qeyd etmək lazımdır. Azərbaycan Ordusunun mühəndis bölmələrinin hərbçiləri Türkiyədə keçirilən kurslarda iştirak edərək bilik və bacarıqlarını artırıb, həmçinin Türkiyədən bu sahədə mütəxəssislər ölkəmizə dəvət edilərək mühəndislik dəstəyi sahəsində yeni üsulların tətbiq edilməsi üzrə təlimlər keçiblər.
Bundan əlavə, Türkiyədə istehsal olunan MEMATT markalı mexaniki minatəmizləmə texnikası, mühəndis bölmələrimizin bu çətin və təhlükəli vəzifəsini uğurla yerinə yetirməsində mühüm rol oynayır. Həmçinin, Azərbaycan hərbi sənayesində istehsal olunan “Revival P” mina təmizləmə maşını (ANAMA tərəfindən istifadə olunur) öz effektivliyini sübut edib. Bu avadanlıqların uzaqdan idarəetmə imkanları insan həyatına olan riski minimuma endirir”, - müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi, həm yerli, həm də dünyanın aparıcı dövlətləri tərəfindən istehsal olunan mina detektorlarından istifadə edilməklə aparılır: “Bununla yanaşı, xüsusi təlim keçmiş itlər də mina axtarışı prosesində mühəndis bölmələrimizə kömək edir”.