QAZAX, 15 iyun. TELEQRAF
Bakı–Qazax–Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Teleqraf-ın Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Qazaxa təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2019-cu ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli olub: “Hazırda isə bu istiqamətdə oturacaq tiplə təchiz olunmuş qatarlardan istifadə edilir. Bakı–Qazax və əks istiqamətdə hərəkət edən qatarlar İsveçrənin “Stadler Rail” şirkəti tərəfindən istehsal edilib. Qatarlar gündə iki dəfə – səhər və axşam reysləri ilə fəaliyyət göstərəcək. Hər qatarda 240-dan çox oturacaq mövcuddur. Bu yenilik nəticəsində “Azərbaycan Dəmir Yolları” əlavə olaraq 10 minə yaxın sərnişin daşıyacaq”.
"Əvvəl sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayına qədər fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatırdısa, indi bu müddət 5 saat 36 dəqiqəyə enib. Beləliklə, Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bölgə sakinlərinin nəqliyyat ehtiyacını daha dolğun şəkildə qarşılayacaq. Beləliklə, Qazax əhalisi daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək”.- deyə o əlavə edib.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə bildirib ki, dəmir yolu daşımaları ümumilikdə həm komfortlu, həm də sürətli nəqliyyat növü kimi qiymətləndirilir.
Onun sözlərinə görə, hər yeni məntəqənin əlavə olunması bölgələr üçün yeni fürsətlər yaradır, iqtisadi aktivliyi artırır və regionun inkişafına töhfə verir:
“Düşünürəm ki, bu dəyişikliklər qərb regionları arasında, eyni zamanda regionlararası inteqrasiyanın güclənməsinə müsbət təsir edəcək”, — deyə ekspert qeyd edib.



