BAKI, 23 fevral. TELEQRAF

Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin barəsində həbs qətimkan tədbirin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə baxılıb.

Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin olunub.

Qərara əsasən, İslam Rzayev barəsində seçilmiş həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 31-də İslam Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.

Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub.