BAKI, 23 fevral. TELEQRAF
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Emil Xankişiyev ittiham aktını elan edib.
İttihama görə, İlham Haqverdiyev Müdafiə Nazirliyin "İstirahət evi"nin rəisi vəzifəsində xidmətdə olarkən bir qrup mülki şəxsi rüşvət almaqla işə götürüb.
"İstirahət evi"nin Maddi təminat bölməsinin rəisi kapitan Muraz Həsənov Etibar Seyranovun orada işləyən qohumu vasitəsi ilə aldığı 2500 manatı İlham Haqverdiyevə çatdırıb. Bundan sonra Seyranov işə qəbul edilib.
Yeganə Abdulvahabovanın xadimə işinə qəbul olunması üçün 1500 manat istənilib. Amma Abdulvahabova həmin məbləğə imkanı çatmadığını orada işləyən qohumu vasitəsi ilə Muraz Həsənova çatdırıb. Həsənov da bu məsələni Haqverdiyevə deyib. Abdulvahabovanın 1000 manat müqabilində işə qəbul olunmasına razılıq əldə olunub.
Muraz Həsənov qeyd olunan məbləği Abdulvahabovanın qohumundan alaraq xidməti otağında İlham Haqverdiyevə verib.
"İstirahət evi"ndə işləyən Adil Xanbalayevin yaş həddi ilə bağlı işdə qalmaq müddətinin bir il uzadılması üçün ondan 800 manat alınıb.
"İstirahət evi"nin digər işçisi Allahverdi İbrahimlinin gündüz növbəsinə yazılmaması üçün ondan 500 manat alınıb.
İttihama münasibət bildirən İlham Haqverdiyev özünü təqsirli bilməyib.
Daha sonra hakimlər heyəti məhkəmə istintaqının aparılması qaydasının müəyyən edilməsi üçün tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin, sonra şahidlərin, sonda isə sənədlərin araşdırılmasını təklif edib. Təqsirləndirilənin vəkili İlham Nuriyev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs ittiham üzrə özünü təqsirli bilmir. Bu səbəbdən əvvəlcə şahidlərin, daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsi məqsədəuyğun olar.
Təqsirləndirilən şəxsin özü də şahid dindirilmələrindən sonra ifadə verəcəyini bildirib.
Yerində müşavirə keçirən hakimlər heyəti əvvəlcə şahidlərin, sonra təqsirləndirilən şəxsin dindirilməsinin aparılmasını, sonda isə sənədlərin araşdırılması barədə qərar qəbul ediblər.
Şahid qismində ifadə verən Muraz Həsənov deyib ki, Müdafiə Nazirliyin "İstirahət evi"nin Maddi təminat bölməsinin rəisi vəzifəsindədir, həmçinin "İstirahət evi"nin rəisi vəzifəsini icra edir.
Həsənovun sözlərinə görə, İlham Haqverdiyev iclaslarda işə mülkü şəxslərin qəbulunu təklif edirdi: “Deyirdi ki, işə götürməyə adam lazımdır, kimin tanışı varsa, müraciət etsin. Buna əsaslanaraq əməkdaşlara məlumat verdim. Qohumları iş axtaran işçilərin sözünü İlham Haqverdiyevə çatdırmışam. O da problem olmadığını deyib”.
Şahid Etibar Seyranovun işə qəbul olması üçün verdiyi 2500 manatdan 500 manatın ona çatması məsələsini belə izah edib: “Mən həmin dövrdə "İstirahət evi"nin avtobusunu rənglətdirmişdim. Buna 650 manat xərcim çıxmışdı. Həmin 500 manatı ona hesabladım”.
Sorğu-sual zamanı məlum olub ki, Muraz Həsənov bir neçə nəfərin işə qəbulundan ötrü aldığı pulların sahiblərinə qaytarılması üçün istintaqa təqdim edib: “İşlərin görülməsi üçün yazılan və yazılmayan qanunlar var. Mən aldığım pulların hamısını xidməti otağında İlham Haqverdiyevə vermişəm. Yanımızda üçüncü şəxs olmayıb”.
Sualları cavablandıran şahid deyib ki, İlham Haqverdiyevin işçiləri rüşvət müqabilində işə götürməsi barədə məlumatı istintaqa verib. Vəkilin isə niyə görə 2025-ci ilin mart-aprel aylarında yox, 6 ay sonra bununla bağlı istintaqa müraciət etməsini soruşub, şahid deyib: “O dövrdə münasibətlərimiz yaxşı idi. Mən məziyyətdə olanda Haqverdiyev deyib ki, mənim əvəzimdə işə götürülənlərdən rüşvət alınıb. Ünvanıma da təhqiredici ifadələr işlədib. Bundan sonra onun barəsində müvafiq quruma müraciət etdim”.
Məhkəməyə sədrlik edən hakim istintaqa Muraz Həsənovun rüşvətlə bağlı müraciəti olmadığını,Hərbi Hospitalın Maddi-texniki təminat bölməsinin rəisi Azər Paşayevin cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun ifadəsi əsasında cinayət işinin başlandığını bildirib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili şahid Muraz Həsənovun maraqlı şəxs kimi bütün məhkəmə iclaslarında iştirakını istəyib. Vəkil fikrini belə əsaslandırıb ki, Muraz Həsənovun ifadəsi ilə digər şahidlərin dedikləri arasında ziddyyətlər yarana bilər.
Vəkil eyni zamanda Muraz Həsənovla bağlı müdafiə naziri Zakir Həsənova müraciət olunmasını da xahiş edib: “Buna səbəb Muraz Həsənovun "İstirahət evi"nin rəisi vəzifəsini icra etməsindən bu iş yekunlaşana kimi kənarlaşdırılması ilə bağlıdır. Çünki şahidlərin əksəriyyəti "İstirahət evi"də çalışır. O, həmin şahidlərə təsir göstərə bilər. Məhkəmədən bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyi xahiş edirik”.
Növbəti proses martın 2-də davam edəcək.
Qeyd edək ki, İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.