BAKI, 25 fevral. TELEQRAF

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abasquliyevanın ifadəsi davam edib.

O bildirib ki, qurumda FHN əməkdaşları yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbirlər keçirib: "Tədbirdə zəlzələ, yanğın və digər təhlükəsizliklə bağlı maarifləndirici söhbətlər aparılıb. İşçilər tədbirdə yanğınsöndürən balonlardan istifadə etməyi öyrəniblər. Amma yanğın təhlükəsizliyinin tam təmin olunmasına mərkəzdə mövcud olan balonlar kifayət etmirdi. Yanğın təhlükəsizliyinə lazım olan avadanlıqlarə yeniləmək üçün kifayət qədər maliyyə ayrılmamışdı. Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşdirilib".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa, onun rəhbərliyindən öncə mərkəzdə çoxsaylı problemlər olub: "Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdılan hava təmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə 20 kq paltaryuyan maşın, soyuducu və digər lazımi cihazlar almışdım".

M. Abasquliyeva deyib ki, mərkəzini havalandırma sistemi olsa da, sistem işlək vəziyyətdə olmayıb: "Bunu da mən özüm təmir etdirmişdim. Mərkəzin dam örtüyü yarasız vəziyyətdəydi, elektirik sistemləri yararsız idi. Generator sistemini də özüm təmir etdirmişəm. Bunlara pulu cibimdən qoymuşam".

Təqsirləndirilən şəxs deyib ki, yeni doğulan uşaqların daxili orqanlarını yoxlamaq üçün monitor sinib və həmin monitorun təmir etdirmək üçün 1000 manat xərcləyib: "Mənim aylıq əməkhaqqım 6549 manat olmasına baxmayaraq öz şəxsi büdcəmdən mərkəzini işlərinə 3500 manat xərcləmişəm. Mərkəzin yanğın siqnalizasiyası yarasız durumda idi. Bunun yenilənməsi üçün 60 min manat tələb olunurdu. Digər xərclərlə yanaşı ümumi təmirə 200 min manat lazım idi. Yanğın təhlükəsizliyi, siqnazasiya, dam örtüyünün sökülərək siqnazasiyanın ora yerləşdirilməsi və digər işlərin görülməsinə 2 milyon 705 min manat vəsait xərclənməliydi.

Yanğın təhlükəsizliyi siqnalizasiyanın olmaması barədə TƏBİB-ə yazılı məlumat verdim. Lakin qurumdan bu vəsaiti ala bilmədik. Mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya sistemi bu gün də quraşdırılmayıb. Buna görə 2025-ci ildə mərkəzin rəhbəri inzibati məsuliyyətə cəlb olunub".

Növbəti proses martın 4-də davam edəcək.

Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.