BAKI, 30 may. TELEQRAF

Rusiyanın kriminal aləmində Rams ləqəbi ilə tanınmış Sergey Brajenski barəsində cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Moskva Vilayət Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Sergey Brajenski 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Rams ləqəbli Sergey Brajenski cinayət şəbəkəsində yüksək status tutmaqda və külli miqdarda narkotik vasitələrin satışına cəhddə ittiham olunur.

İstintaq zamanı məlum olub ki, Brajenski 1993-cü ildən qanuni oğru statusundadır. O, Moskvada və regionda mütəşəkkil cinayətkar qrupun fəaliyyətini koordinasiya edib. Bundan əlavə, digər qanuni oğrularla, o cümlədən Şişkanla (Oleq Medvedev) əlaqələr yaradıb.

2021-ci ildə narkotiklərlə həbs edilən zaman Rams özünü təhlükəsizlik xidmətinin polkovniki kimi təqdim edib.