​​BAKI, 17 mart. TELEQRAF

Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən şəxslərin barəsində qiyabi araşdırma aparılması barədə qanunvericilikdə nəzərdə tutulan qaydaların tətbiqinə başlanılıb.

Teleqraf-ın xəbərinə görə, istintaqdan yayınan və xaricdə olan şəxslər barəsində qiyabi icraatın aparılması halları Cinayət-Prosessual Məcəlləsinə uyğun şəkildə aparılır. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı fəsil əlavə edilib.

Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yaranır və bundan sonra cinayət təqibi üzrə icraat təzələnir.

Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci maddəsinə əsasən istintaqdan yayınan təqsirləndirilən şəxsə onun barəsində bu məcəllə ilə müəyyən edilmiş hallarda qiyabi icraatın açıla biləcəyi və qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq edilir.

Cinayət işi hansı hallarda yenilənəcək?

Habelə həmin icraatda təqsirləndirilən şəxs müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda müdafiəçisi məlumatlarını cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

Qanunda göstərilib ki, məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Xaricdə olan şəxslərin barəsində prosessual icraatın aparılması, barəsində qiyabi icraatın aparılması halları da Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulub.

Bu günlərdə Baş Prokurorluq bununla bağlı xaricdə gizlənən şəxslərə müraciət edib və onların istintaqa könüllü şəkildə gəlmələri barədə xəbərdarlıq edib.

Xəbərdarlıqda cinayət prosesini həyata keçirən orqan Azərbaycan Baş Prokurorluğunun İstintaq Baş İdarəsinin ünvanı, elektron poçtu və telefon nömrələri qeyd olunub.

Azərbaycanın Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən həmin təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.

Bu şəxslərin istintaqa gəlmələri üçün vaxt verilib. Cinayət qanununa görə verilən vaxta qədər təqsirləndirilən şəxs istintaq orqanına üzrlü səbəb olmadan gəlmədikdə qiyabi icraat başlanır. Yəni, qiyabi icraatın başlanılması üçün təqsirləndirilən şəxslərə rəsmi bildirişlərin göndərilməsi vacibdir.

İstintaqdan yayınan şəxslərə xəbərdarlıq necə çatdırılacaq?

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Teleqraf-a bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, cinayət təqibinə cəlb edilmiş şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün şəxsə prosessual sənədlərin poçtla və ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydada çatdırılması mümkün olmadıqda, şəxsin olduğu ölkə barədə etibarlı məlumatlar olduqda, prosessual sənədlər həmin şəxsə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanı vasitəsilə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud cinayət işlərinə dair hüquqi yardım göstərilməsi qaydasında həmin ölkənin müvafiq səlahiyyətli orqanına göndərilir: “Cinayət Prosessual Məcəlləsinin 54-2-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqan tərəfindən göndərilən "çağırış vərəqəsi"nə aid tələblər nəzərə tutulub. Çağırış vərəqəsində aşağıdakı məlumatlar göstərilməlidir:

- cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, əlaqə məlumatları (indeks, telefon, faks və s.), təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, vəzifəsi və imzası;

-çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

-çağırışa gəlmənin vaxtı (tarix və saat) və yeri;

- şübhəli və ya təqsirləndirilən şəxsə münasibətdə şübhənin və ya ittihamın mahiyyəti;

- çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı;

Çağırış vərəqəsi üzrə gəlməmənin nəticələri barədə məlumat, o cümlədən çağırılan şəxsin CPM-də nəzərdə tutulmuş əsaslar olduqda cinayət prosesini həyata keçirən orqana məcburi gətiriləcəyi barədə xəbərdarlıq;

- təqsirləndirilən şəxsə onun barəsində bu Məcəllə ilə müəyyən edilmiş hallarda qiyabi icraatın açıla biləcəyi və qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatların cinayət prosesini həyata keçirən orqana göndərməli olduğu barədə məlumat. Çağırış vərəqəsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Rəşad Əliyev qeyd edib ki, çağırılan şəxs çağırışa gəlmədikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi gətirilə bilər: “Çağırılan şəxs üzrlü səbəbdən çağırışa gələ bilmədikdə bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana məlumat verməli, çağırışa gəlməməsinə səbəb olan üzrlü halları təsdiq edən dəlilləri təqdim etməlidir. Bu halda cinayət prosesini həyata keçirən orqan çağırılan şəxsin iştirak edə biləcəyi tarix və vaxtı nəzərə almaqla yeni çağırış tarixi və vaxtı müəyyən edir. Şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər”.

Onların Azərbaycana hansı qaydada gətirilməsi mümkün olacaq?

Vəkilin sözlərinə görə, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri CPM-nin 467-12-ci maddəsində təsbit edilib: “Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılır və barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılır.

Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Təqsirləndirilən şəxsin bu Məcəllənin tələblərinı uyğun olaraq cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də bu Məcəllə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür.

Bu tədbirlər nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, çağırış vərəqəsində nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir”.

İstintaqdan yayınan şəxslər belə məlumatlandırılacaq...

Rəşad Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxs cinayət təqibi üzrə icraatın hər hansı mərhələsində şəxsən iştirak etdikdən sonra istintaq və ya məhkəmədən gizləndikdə, onun bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırılması tələb edilmir və həmin şəxs cinayət təqibinin qiyabi icraat qaydasında aparılmasından məlumatlı hesab olunur: “Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Vəsatətə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.

Təqsirləndirilən şəxsin özünün seçdiyi müdafiəçi barədə məlumat olmadıqda, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılmasında müdafiəçinin iştirakı cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilir. Təqsirləndirilən şəxsə verilməli olan prosessual sənədlərin surətləri müdafiəçiyə təqdim edilir”.

Qiyabi icraat bu hallarda qəbul ediləcək...

Vəkil deyib ki, məhkəmənin hazırlıq iclası və ya məhkəmə baxışı zamanı, habelə apellyasiya və kassasiya instansiyası məhkəmələrində cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələ məhkəmənin öz təşəbbüsü ilə və ya ittiham tərəfinin vəsatəti əsasında işə baxan məhkəmənin qərarı ilə həll edilir: “Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.

Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılarkən məhkəmə tərəfindən aşağıdakı hallar nəzərə alınır:

- Təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada çağırılması, olduğu yerin müəyyən edilməsi və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün görülən tədbirlər;

-Təqsirləndirilən şəxsin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi;

- Təqsirləndirilən şəxsin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada axtarışı və verilməsi (ekstradisiyası) üçün görülmüş tədbirlər.

- Cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələsi ilə bağlı məhkəmə qərarının surəti, həmin qərar çıxarıldıqdan sonra 3 gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsin müdafiəçisinə və təqsirləndirilən şəxsə (istintaqdan və ya məhkəmədən gizlənməsi müəyyən edildiyi hallar istisna olmaqla) məhkəmə tərəfindən göndərilir”.

Rəşad Əliyev deyib ki, məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi isə CPM-nin 467-14-cü maddəsində müəyyən edilib: “Müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müstəntiq dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal bu Məcəllənin 290.3.3-1-ci maddəsində nəzərdə tutulmuş qərarı (cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq) qəbul edir.

Belə qərar çıxarıldığı vaxtdan cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada davam etdirilir. Təqsirləndirilən şəxs könüllü gəldiyi və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildiyi gün müstəntiq təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrini, o cümlədən vəsatət vermək hüququnu izah edir, bu barədə protokol tərtib edir və onu cinayət işinin materialları ilə tanış edir. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi barədə vəsatət verə bilər. Vəsatətə bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə baxılır”.

Qiyabi icraat məhkəmədə necə həll ediləcək?

Vəkilin bildirdiyinə görə, qiyabi icraata məhkəmə icraatı zamanı da xitam verilə bilər: “Məhkəmə hökm və ya digər yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə məhkəmə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildikdən sonra məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada aparılır. Qiyabi hökm və ya digər yekun qərar bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir. Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür.

Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir.

Təqdimatın daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında iclas təyin edir. Məhkəmənin iclasında barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs, müdafiəçi və prokurorun iştirakı məcburidir.

Məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Cinayət işinin həcminin böyüklüyü ilə əlaqədar barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsin və ya onun müdafiəçisinin vəsatəti əsasında həmin müddət 30 günədək uzadılır.

Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur.

Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər görülür.

Qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə qiyabi hökm və ya digər yekun qərar çıxarmış məhkəmə cəzanı icra edən orqanın təqdimatı əsasında qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi məsələsinə baxır”.