BAKI, 22 iyul. TELEQRAF
1929–1931-ci illərdə İstanbulda Məhəmmədəmin Rəsulzadənin baş redaktorluğunda “Odlu yurd” adında bir məcmuə çap olunub. Toplam 31 sayı çıxan bu jurnalda Azərbaycan istiqlal mübarizəsi ilə yanaşı, dövrün müxtəlif ictimai-siyasi hadisələrinə də yer verilib. Azərbaycan mühacirət mətbuatı tarixində bu jurnalın önəmli yeri var, barəsində kifayət qədər tədqiqat aparılıb. Lakin ayda bir dəfə çıxan bu jurnalın eyniadlı bülleteni də işıq üzü görüb ki, bu barədə indiyədək detallı məlumat verilməyib.
Bülletenin ilk sayı
Türkiyə arxivlərində araşdırma apararkən “Odlu yurd” bülleteninin ilk sayını əldə etdik. Bülletenin ilk sayı 28 noyabr 1929-cu ildə İstanbulda çıxıb. Ünvanı bu şəkildə qeyd edilib: Panqaltı, Şəfəq küçəsi 60. Bülletenin imtiyaz sahibi Cümhuriyyət deputatlarından Abbasqulu Kazımzadə, məsul müdiri isə mühacir tələbələrdən Kamal Qənizadə olub.
İki səhifədən ibarət olan bülletenin ilk yazısı “İdarədən” başlıqlı xəbərdir. Bu xəbərdə bülletenin çıxarılmasındakı məqsədin məşğul olduğu sahə və hadisələr haqqında oxuculara daha operativ məlumatı çatdırmaq olduğu bildirilib. Bülletenin təkcə Azərbaycanla bağlı deyil, eləcə də Qafqaz, Türküstan, Ukrayna və digər Rusiyadan ayrılmaq istəyən millətlərin istiqlal hərəkatının səsi olacağı qeyd olunub. Eyni zamanda Yaxın Şərqə aid mühüm hadisələrə də yer verəcəkləri ifadə olunub. Bülleten səhifələrində yaydıqları xəbərlərin bütün mətbuat orqanlarının hətta istinad göstərmədən də istifadə edə biləcəklərini qeyd edib.
Bülletenin ilk sayında Azərbaycanla bağlı dərc etdiyi ilk xəbər ölkədə üzə çıxarılan gizli bir təşkilatla bağlıdır. Xəbərə görə, QPU tərəfindən Bakıda aşkar edilən təşkilat bir çox kommunisti öldürüb, xarici dövlətlərlə əlaqə yaradıb, eyni zamanda gizli mətbəə fəaliyyəti ilə məşğul olub. Təşkilata mənsub 21 adam həbs edilib, onların rəhbəri keçmiş zabitlərdən Murtuza adlı şəxs olub. Təşkilatın 10 üzvünün edamına qərar verilib. Həmin səhifədəki digər bir xəbərdə İstanbulda nəşr olunan “İstiqlal uğrunda” adlı şeirlər məcmuəsində keçmişdə yazdığı milli şeirlərinin təkrar dərcinə görə Bakıda şair Əhməd Cavada qarşı ittihamların irəli sürüldüyü bildirilib.
Bülletenin növbəti saylarından görürük ki, İran, Əfqanıstan, Amerikada baş verən hadisələrlə də bağlı xəbərlərə yer verilib.
Bülletendən xəbərlər
Bülletenin neçə nömrə çıxması barədə əlimizdə dəqiq bilgi yoxdur. Bizə məlum olan sonuncu nömrə 17 mart 1930-cu ildə çıxan 54-cü saydır. Bülleten bəzən bir, bəzən də iki səhifə həcmində çıxıb.
Türkiyə arxivindəki bülletenin ikinci sayında (30 noyabr 1929) Solovki adasına sürgün edilən azərbaycanlılar haqqında məlumat verilib. Bildirilib ki, əsir düşərgəsində yaşayan milliyyətçi Azərbaycan gəncləri sovet məmurlarının vəhşi rəftarına məruz qalıblar, buna görə də məhkumlar aclıq aksiyasına başlayıblar. Bu etiraz nəticəsiz qaldığına görə əsirlər bu dəfə ölüm aclığına başlayıblar. İyirmi gün davam edən bu aclıq nəticəsində məhkumlardan Mirəbdül Qəni şəhid olub. Bülleten ümumilikdə ölüm aclığının 46 nəfərin vəfatına səbəb olduğunu, məsələnin xaricə çıxmasından sonra aeroplanla bir heyətin gəlib, məhbusların tələblərini yerinə yetirdiklərini bildirib. Yenə bu nömrədə Solovki həbs düşərgəsində iki min ukraynalının saxlanıldığı, onlardan 12-nin qaçaraq Finlandiyaya getdikləri yazılıb.
Bülletenin 29 dekabr 1929-da çıxan 3-cü nömrəsində Cəbrayıl qəzasının sakini Əbdürrəhim Yüzbaşının 14 süvari ilə birlikdə hüdudu keçərək Ərdəbil vilayətinə keçdiyi bildirilib. Eyni zamanda Gəncə qəzasındakı alman icmasından 8 nəfərin də Təbrizə mühacirət etdiyi qeyd olunub.
Bülletenin 30 dekabr 1929-da çıxan 4-cü nömrəsində bolşeviklərin parçalama siyasəti nəticəsində Azərbaycanda “kiçik bir Kürdüstan”ın yaradıldığı, bolşeviklərin bu məqsədlə bölgəyə iki təbliğatçı göndərdiyi, lakin onların cəsədlərinin tapıldığı bildirilib. Öldürülənlərin üzərindəki pul və digər mallar götürülmədiyi üçün cinayətin siyasi olduğu düşünülüb, nəticədə keçmiş cümhuriyyət zabitlərindən birinin də olduğu 8 nəfərin həbs edildiyi yazılıb.

Nəşrin 31 dekabr 1929-da çıxan 5-ci nömrəsində Azərbaycanın XIX əsrdə yaşamış şairlərindən Mirzə Şəfinin Gəncədə ev-muzeyinin yaradılması ilə bağlı xəbər dərc edilib. Xəbərdə məqsədin Mirzə Şəfinin əsərlərinin toplanılması və tədqiq edilməsi olduğu bildirilib, Seyidzadə adlı alimin bu sahədə mühüm işlər gördüyü ifadə edilib. Eyni zamanda Gəncədə Mirzə Şəfiyə aid bir əsərin də tapıldığı yazılıb.
Bülletenin 4 yanvar 1930-cu il tarixli 7-ci sayında Sovet İttifaqında son 8 ay içində 579 kilsənin, 136 məscidin qapadıldığı bildirilib. Bağlanan məscidlərdən 45-i təkcə Başqırdıstanda imiş. Nəşrin 6 yanvar 1930-da çıxan 9-cu nömrəsindəki xəbərə görə, dinə qarşı hərəkətə keçən Sovet İttifaqının kilsə və məscidlərin qapadılması əməliyyatı 1933-cü ildə başa çatacaq.
Nəşrdə nadir hallarda geniş məqalələr də verilib. Məsələn, bülletenin 11-ci sayında (8 yanvar 1930) “Turan propaqandası”, 12-ci sayında (9 yanvar 1930) “Türkiyə haqqında bolşevik mətbuatı” adlı yazılar işıq üzü görüb.
Təəssüf ki, “Odlu yurd” bülleteninin bütün saylarını əldə etmək mümkün olmayıb. Azərbaycan mətbuat tarixində bu bülletenin də yer alması gərəklidir.
P.S. Bu bülletenin bir sıra saylarının surətini bizə təqdim edən mühacirətşünas alim Nikpur Cabbarlıya təşəkkür edirik.