TBİLİSİ, 29 may. TELEQRAF

Azərbaycanın Mədəniyyət Nazirliyi Gürcüstanla birlikdə müştərək kitablar dərc etdirməyə hazırdır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Tbilisidə keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində “Azərbaycanda kitab mədəniyyəti” mövzusunda təşkil olunan panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, kitabların mövzuları Azərbaycanla Gürcüstan arasında sıx dostluq münasibətlərinə, regional inkişafa aid ola, elmi publisistikadan tutmuş bədii ədəbiyyata qədər olan sahələri əhatə edə bilər.

Müşavir təmsil etdiyi dövlət qurumunun bu mövzu ilə bağlı Gürcüstan nümayəndələri ilə müzakirələr aparmağa hazır olduğunu qeyd edib.

O.Fikrətoğlu bildirib ki, Gürcüstan tərəfinə Kür ətrafı mədəniyyətin su olaraq gəlib Azərbaycanda işığa çevrilməsi ilə bağlı layihənin təklif olunması nəzərdə tutulub.

O, həmçinin deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcüəsilli vətəndaşlar hər iki ölkənin mədəniyyət nazirliklərinin nəzərindədir.

“Ölkələrimiz arasında demək olar ki, sərhəd yoxdur. Buna görə də gürcü ədəbiyyatı Azərbaycanda, Azərbaycan ədəbiyyatı isə Gürcüstanda tam tərcümə edilib təbliğ olunmalıdır. Biz əbədi qonşularıq, bu baxımdan bir-birimizin ədəbiyyatını mütləq bilməliyik”, - O.Fikrətoğlu söyləyib.

Qeyd edək ki, panel müzakirəsində yazarlar - Sahilə Yaya və Sevinc Elsevər, Mimta Nəşriyyat Evinin rəhbəri Kənan Şabıyev də iştirak ediblər. Onlar Azərbaycanda kitab nəşriyyatının formalaşması mərhələləri, ölkəmizdə kitaba münasibət, müəllif və naşirlərə göstərilən dəstəkdən danışıblar.