Bir neçə bloger dövlət xətti ilə Kəlbəcərə gedib.

Teleqraf.com xəbər verir ki, blogerlər işğaldan azad olunmuş əraziyə yollanaraq çəkilişlər aparıb, görülən işlərlə tanış olub, təəssüratlarını bölüşüblər.

Onlar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də şəkil çəkdiriblər.

Bloger Nəcibə Əhmədi: "İnşallah, tez bir zamanda işğaldan azad edilmiş torpaqlarımız bərpa edilər. Hər kəsin gələ biləcəyi bir yerə çevrilər. Biz buraya rəsmi qurumların vəsitəsi ilə gəlmişik, çəkiliş aparıb paylaşmaq və gələn diplomatlarla söhbət etmək üçün buradayıq. Yaxşı ki, torpaqlarımız alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Bloger Səbinə Orucova: "Bir gün desəydilər ki, Kəlbəcərə gedib, vlog çəkəcəksən, inanmazdım. Amma bu, reallığa çevrildi. Gördüyümüz dağıntılara təəssüflənsək də, Ali Baş Komandanın sərəncamı ilə yenidən bərpa işlərini seyr etdikcə sevindik. Ümid edirəm ki, ən qısa zamanda hər kəs buranın sehrinə canlı şahid olacaq".

Bloger Aysel Nasir: "Vətənimin hər qarışı gözəldir, bizimdir! Kəlbəcər həm relyefi, həm də təbii sərvətlərinə görə ilk sırada gəlir. Düşmənlərimiz hər yeri dağıtmış olsa da hazırda Kəlbəcər yenidən bərpa edilir. Qarabağ Azərbaycandır!"

“Azone Agency”nin sahibi Aliyə Hümmətova: "Bu səfərlər Vətən müharibəsindən sonra prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında təşkil edilir. Məqsəd Ermənistanın işğal dövründə Azərbaycan topraqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmaqlarına şərait yaratmaqdır".

Səfərdə 50-dən çox ölkə, 10-dan çox təşkilatdan 80 nəfərə yaxın diplomat və hərbi nümayəndə iştirak edib.