BAKI, 24 avqust. TELEQRAF

“Ermənistanın dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlətin onunla bağlı qərar vermək hüququna malikdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan hökuməti məsələni dostluq yolu ilə həll etmək məqsədilə dəmir yolunun konsessiya üzrə idarəçiliyinin üçüncü tərəfə verilməsini Rusiya tərəfinə təklif edir.

“Həll yoluna çatmalıyıq. Ermənistanın dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir. Mülkiyyət o deməkdir ki, biz onu istədiyimiz kimi idarə edə bilərik. Biz onu necə idarə etmək istədiyimizi demişik və istədiyimiz kimi də edəcəyik”, - Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, əgər başqa variant qalmasa, Ermənistan bunun üçün nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə edəcək:

“Bu yolla getmək istəmirik, amma məlum olsa ki, başqa heç bir variant yoxdur, bu yolla gedəcəyik. Məsələni həll edəcəyik, sadəcə başqa variant yoxdur”.