BAKI, 19 mart. TELEQRAF
"Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı yeniliklər sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi, eyni zamanda effektivlik göstəricilərinin yüksəldilməsinə şərait yaradır".
Bu sözləri Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, əmək bazarında çağırışlar sürətlə dəyişir və bunu formalaşdıran əsaslardan biri kimi özəl sektorun müəyyən seqmentlərində yüksək əməkhaqlarının təklif edilməsi məsələsinə müvafiq qaydada dövlət qulluğunda əməhaqqı sisteminin daha da təkmilləşdirilməsi kimi yanaşmalarla cavab verilməlidir:
"Əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı idi. Özəl sektor əməkhaqqı və digər sosial təminatla daha cəlbedici imkanlar təqdim edir və bu da əmək bazarının şərtləri ilə uyğunlaşmırdı. İslahatlar çərçivəsində yeni model dövlət qulluğunda əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilir. Bu isə əməkhaqqının sabit, aydın və ədalətli olmasına imkan yaradır. Eyni zamanda bu yeniliklərin tətbiqi nəticəsində yüksək peşəkarlığa malik, gənc mütəxəssislərin dövlət qulluğunda işləmələrinə şərait yaradılacaq ki, bu da olduqca vacib və müsbət hal kimi dəyərləndirilməlidir".