BAKI, 17 mart. TELEQRAF
2025-ci ildə 2024-cü illə müqayisədə xaricdən Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının həcmi 8,7% artıb. Belə ki, hesabat dövründə ölkəyə 1 milyard 176 milyon dollar pul köçürülüb. Azərbaycandan xaricə pul köçürmələri 505,1 milyon dollar olub. Bu da 2024-cü illə müqayisədə 4,1% azdır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib:
"Ölkəyə daxil olan pul baratlarının həcmi 1 milyard 176 milyon təşkil edib. İlk üçlükdə Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları yer alıb. Rusiyadan 479 milyon 263 min dollar (40,7%), Türkiyədən 193 milyon 158 min dollar (16,4%), ABŞ-dən 100 milyon 718 min dollar (8,6%) daxil olub. Ötən il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə 145,7 milyon dollar, ABŞ 76,4 milyon dollar, Rusiya 46,4 milyon ABŞ dollar, Böyük Britaniya 26,7 milyon dollar və Gürcüstan 26,2 milyon dollarla yer alıb".