BAKI, 26 yanvar. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti sürətlə artır.
Teleqraf xəbər verir ki, hazırda metalın fyuçersləri 2.20% artımla 5127 ABŞ dollarından ticarət olunur.
Qiymətlərdəki rekord artım geosiyasi qeyri-müəyyənliklərin artması fonunda investorların təhlükəsiz sığınacaq hesab olunan bu aktivə kütləvi şəkildə yönəlməsi ilə əlaqələndirilir.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, Rövşən Əmircanov qeyd edib ki, yerli bazarda da qızılın və zərgərlik məhsullarının qiymətlərinin artması gözlənilir.

Onun sözlərinə görə, qiymət artımı birjada baş verən bahalaşma ilə tam simmetrik olmaya bilər, lakin yüksələn meyilli olacağı şübhəsizdir:
“Praktikada qlobal qiymət artımı Azərbaycanda da, adətən, qızıl qiymətlərinin dərhal yüksəlməsi ilə müşahidə olunur. Dünya birjalarında qızılın qiyməti artdıqca yerli alıcılardan alınan qızılın bazar dəyəri yüksəlir, nəticədə zərgərlik istehsalçıları məhsullarının maya dəyərinə daha yüksək xammal xərci daxil etməli olurlar.
Qızılın dünya birjalarında formalaşan qiyməti əsas referans göstərici hesab olunur. Birja qiymətinin yerli bazara ötürülməsi bir neçə xətt üzrə baş verir. Xaricdən gətirilən xammal və məhsulların dəyərinə nəqliyyat xərcləri, rüsumlar və digər əlavə ödənişlər də qoşulduğu üçün birjadakı artım yerli qiymətlərə daha güclü şəkildə təsir göstərə bilər”.

R.Əmircanov bildirib ki, qlobal bazardakı bahalaşma yerli bazarda birbaşa olaraq qızılın qram qiymətinə təsir edir:
“Bununla belə, pərakəndə zərgərlik məhsullarının qiymətində artım təkcə metalın dəyəri ilə məhdudlaşmır; yerli qiymətə dizayn, emal və satış xərcləri də daxil edildiyi üçün yekun qiymət daha yüksək formalaşa bilər.
Birjalarda bahalaşma zərgərlik bazarına həm təklif, həm də tələb xətti ilə təsir göstərir: qızıl bahalaşdıqca təklif tərəfinin xərcləri artır, yəni mağazalarda və istehsalçılarda qızıl məmulatlarının satış qiymətləri yüksəlir. Qiymətlərin çox sürətlə artması tələbatı müəyyən qədər zəiflədə bilər. Bu halda bəzi alıcılar gözləmə mövqeyi tuta, daha ucuz alternativlərə yönələ və ya daha aşağı əyarlı qızıl almağa üstünlük verə bilərlər. Eyni zamanda istehlakçı davranışında da dəyişiklik mümkündür: qızıl uzun müddətdir risklərə qarşı “sığınacaq” investisiya aləti kimi qəbul edildiyindən, bahalaşma dövrlərində bəzi istehlakçılar zərgərlik məhsullarındansa investisiya məqsədli qızıl alışını (məsələn, külçə və sikkələr) daha məqsədəuyğun saya bilərlər. Dünya birjasında qiymət artdıqca xammal dəyəri, idxal və satış xərcləri üst-üstə gəldiyindən yerli qiymət əhəmiyyətli dərəcədə yüksələ, bu da zərgərlik bazarında satış həcminə və dövriyyəyə birbaşa təsir göstərə bilər”.