BAKI, 17 yanvar. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessent ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının qanunsuz elan olunmayacağına əminliyini ifadə edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "Fox Business" telekanalına müsahibəsində bildirib

Nazirin sözlərinə görə, Ali Məhkəmənin prezidentin iqtisadi siyasətinin əsas elementinə qarşı qərar çıxarması ehtimalı olduqca azdır.

“Düşünmürəm ki, Ali Məhkəmə prezidentin iqtisadi siyasətinin əsas sütunlarından birinə qarşı qərar versin. Mən əminəm ki, Ali Məhkəmə prezidentin qərarını ləğv etmək və xaos yaratmaq istəmir”, – deyə Bessent bildirib.

Qeyd edək ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq etdiyini elan edib. Sonradan bir sıra ölkələrə münasibətdə tarif dərəcələrinə yenidən baxılıb.

Məhkəmə çəkişməsi bir qrup biznes nümayəndəsinin ABŞ hakimiyyətinə qarşı iddia qaldırmasından sonra başlayıb. İddiaçılar rüsumların qanunsuz olduğunu və şirkətlərinə zərər vurduğunu bildiriblər. 2025-ci il avqustun 29-da Kolumbiya federal dairəsi üzrə apellyasiya məhkəməsi Trampın bir sıra rüsumları tətbiq etmək üçün yetərli səlahiyyətə malik olmadığı qənaətinə gəlib. ABŞ administrasiyası sentyabrın 4-də bu qərarın ləğv edilməsi xahişi ilə ABŞ Ali Məhkəməsinə müraciət edib.