BAKI, 15 yanvar. TELEQRAF

Bank “BTB” ASC 2025-ci ili zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, bankın ötən il zərəri 404 min manat təşkil edib.

Bank “BTB” bank 2024-cü ili 839 min manat zərərlə başa vurmuş, həmin ilin ikinci rübündə isə 226 min manat mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın kapitalı 2024-cü ildəki 51 milyon 471 min manatdan 50 milyon 925 min manata düşüb (1,06% azalma), cəmi aktivləri isə 2024-cü ildəki 362 milyon 817 min manatdan 356 milyon 822 min manata enib (1,65% azalma).

Bu ilin əvvəlinə müştərilərin bankdakı depozitlərinin ümumi həcmi 135 milyon 498 min manat təşkil edib (6,67% azalma). Maraqlıdır ki, maliyyə qurumu depozitlərin strukturunu açıqlamayıb. Yəni, bəlli deyil ki, banka yatırılan pulların nə qədəri hüquqi şəxslərin, nə qədəri fiziki şəxslərin payına düşür.

Xatırladaq ki, "Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevadır. O, bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malik olmaqla nizamnamə kapitalının 76,7376%-nə sahibdir.

12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq İsmayıl oğlu Rzanın bankın nizamnamə kapitalında payı 17,6823%, 3 987 ədəd səhmə sahib Tükazban Mahmudovanın payı isə 5,5801% təşkil edir.