BAKI, 15 yanvar. TELEQRAF

“AccessBank” QSC 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Teleqraf xəbər verir ki, hesabat dövründə maliyyə qurumunun mənfəəti azalıb. Bankın ötən il üzrə xalis mənfəəti 49 milyon 52 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,27% azdır. 2024-cü ildə bankın mənfəəti 54 milyon 62 min manat təşkil edib.

Mənfəət vergisindən əvvəlki mənfəət 60 milyon 83 min manat olub. Halbuki, 2024-cü ildə bu rəqəm 63 milyon 60 min manat idi.

2025-ci ilin dekabr ayının 31-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 335 milyon 438 min manat təşkil edib (2024-cü ildə - 197 milyon 501 min manat).

Qeyd edək ki, 2025-ci ildə "AccessBank"ın cəlb etdiyi kreditlərə görə ödədiyi faizlər artaraq 23 milyon 8 min manata çatıb (2024-cü ildə - 15 milyon 120 min manat).

Hesabat dövründə bankın faiz xərcləri 2024-cü ilin göstəricisi ilə müqayisədə 16 milyon 16 min manat və ya 19% artaraq 100 milyon 208 min manata çatıb. 2024-cü ildə bankın faiz xərcləri 84 milyon 192 min təşkil edirdi.

Bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 38,54% artaraq 1 milyon manatdan bir qədər çox olub (2024-cü ildə - 724 min manat).