BAKI, 6 yanvar. TELEQRAF

Ukrayna Milli Bankı (UMB) qrivnanın məzənnəsini dollar qarşında yeni tarixi minimuma endirib.

Teleqraf xəbər verir ki, tənzimləyicinin rəsmi saytında yer alan məlumata görə, hazırda 1 ABŞ dolları 42,42 qrivnaya bərabərdir. Əvvəlki rekord 2025-ci il noyabrın 26-da qeydə alınıb. Həmin vaxt dolların məzənnəsi 42,40 qrivna təşkil edib.

Qeyd edək ki, Kiyevin Beynəlxalq Valyuta Fondundakı (BVF) kreditorları qrivnanın zəiflədilməsi mövqeyini müdafiə edir. Onların sözlərinə görə, zəif milli valyuta büdcəyə daxilolmaları artırır.

Xatırladaq ki, Ukrayna valyutası ilk dəfə ötən ilin yanvar ayının əvvəlində dollar qarşısında “psixoloji” hədd olan 42 qrivnanı keçsə də, daha sonra məzənnədə müəyyən möhkəmlənmə müşahidə olunmuşdu. Bu göstərici ikinci dəfə oktyabrın sonunda qeydə alınıb.

2023-cü ildə Ukrayna Milli Bankı idarə olunan çevik məzənnə rejiminin tətbiqinə keçib. Qurum valyuta məzənnələrini nəzarətdə saxlayacağını, kəskin dalğalanmalara yol verməyəcəyini və nağd bazar ilə rəsmi məzənnə arasındakı fərqi minimuma endirəcəyini bəyan edib.