BAKI, 26 dekabr. TELEQRAF
Xocavənddə 158 fərdi yaşayış evinin təmiri üçün 10,4 milyon manat xərclənəcək.
Teleqraf xəbər verir ki, təmir işlərinin görülməsi üçün Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti iki şirkət ilə müqavilə bağlayıb.
Xocavənd kəndində 50 evin (9500 m2) və Quzeyxırman kəndində 78 evin (14820 m2) təmiri üçün “Az-Caspian Construction” MMC-yə 8 milyon 509 min 549,58 manat, Xocavənd şəhərində 30 (5700,00 m2) fərdi yaşayış evinin təmiri üçün isə Layihə Bərpa Tikinti” MMC-yə 1 milyon 988 min 29,27 manat ödənilib. Hər iki kənddə işlər 2026-cı ilin martına, şəhərdəki işlər isə maya qədər davam edəcək.
Qeyd edək ki, Xocavəd kəndində təmir-tikinti işləri “Az-Caspian Construction” MMC-nin ilk sifariş aldığı layihə deyil. Xidmətlə bu şirkət arasında daha əvvəl də işbirliyi olub. Misal üçün, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Az-Caspian Construction”a Quzeyxırman kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 10 098 m2 olan 60 fərdi yaşayış evin təmiri üçün 3 milyon 675 min 894 manat ödəyib. Eyni MMC Xocavənd şəhərində ümumi sahəsi 8415 m2 olan 50 evi isə 2 milyon 941 min 42,43 manata təmir edib.
Bundan əlavə şirkət qurumun sifarişi ilə Quzeyxırman kəndində 1-ci mərhələ üzrə də fərdi yaşayış evlərinin təmirini icra edib. Həmin müqavilənin dəyəri 6 milyon 230 min 240 manat təşkil edib.
“Az-Caspian Construction” MMC Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat İdarəsi”nin sifarişi ilə Xankəndi şəhərində yerləşən 7 (2-ci və 3-cü) yataqxana tipli yaşayış binasının əsaslı təmirini də həyata keçirib. Bu müqavilənin dəyəri isə 4,5 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Az-Caspian Construction” MMC 21 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur. Sentyabr ayında şirkətin 1 milyon 861 min 609 manat vergi borcu olub. Şirkət borcunun cüzi bir hissəsini ödəyib, hazırda isə borcu 1 milyon 847 min 739.15 manatdır.
Əlavə olaraq bildirək ki, Xocavənd şəhərində 30 evi təmir edəcək “Layihə Bərpa Tikinti” MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5 min manatdır. Qanuni təmsilçisi isə Babək Cəfərov Nağı oğludur.