BAKI, 26 dekabr. TELEQRAF

2026-cı il üzrə dolların məzənnəsi müzakirə mövzusu olaraq qalır. Yeni tarif siyasəti, qlobal böhran gözləntiləri, ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz siyasəti ilə bağlı qərarları bu valyutanın daha da möhkəmlənəcəyi ilə proqnozları çoxaldıb. Prosesin fonunda Azərbaycan manatını nə gözləyir?

Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi (1 ABŞ dolları - 1,7 manat) sabit götürülüb.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ildә dә manatın ABŞ dollarına nәzәrәn ikitәrәfli mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә (hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar nәzәrә alınmaqla) әsasında müәyyәn edilәcәk.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də Azərbaycan manatının ABŞ dollarına nisbətinin 1 dollar = 1,7 manat səviyyəsində sabit qalacağını proqnozlaşdırıb.

Agentliyin açıqlamasına görə, iqtisadiyyatın hidrokarbon gəlirlərindən asılılığı nəzərə alınmaqla, neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması ölkəni ehtiyatları qorumaq məqsədilə məzənnədə nəzarətli düzəliş imkanını nəzərdən keçirməyə sövq edə bilər.

Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan manatının məzənnəsinə təsir göstərən əsas faktor tədiyyə balansındakı vəziyyətdir:

“Tədiyə balansında müsbət saldo manatın məzənnəsini dəstəkləyir. Təbii ki, tədiyə balansında mənfi saldo yaranarsa, bu, bütövlükdə valyuta bazarına təsiri artırır. Bununla yanaşı, Azərbaycan “üzən məzənnə” rejiminə keçməyib, ölkəmizdə hələ də fiks məzənnə rejimi tətbiq edilir. Bu o deməkdir ki, manatın məzənəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır”.

Ekspert vurğuladı ki, 2026-cı ildə də manatın məzənəsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq:

“Gözlənilir ki, Mərkəzi Bank qərarlarını verərkən tədiyə balansındakı vəziyyət və digər daxili və xarici faktorları nəzərə alacaq. Mərkəzi Bank manatın məzənəsinə təhdid görmür. Təbii ki, 2026 və növbət illərdə tədiyə balansındakı vəziyyət, neftin dünya bazarlarında qiyməti bütövlükdə valyuta bazarına təsir göstərən əsas faktorlar olacaq”.