BAKI, 17 oktaybr. TELEQRAF
Qlobal markaların Azərbaycandakı təmsilçisi olan “Sinteks” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Belə ki, şirkətin təsisçiləri tərəfindən qəbul edilmiş qərara əsasən, “Sinteks” MMC-nin əvvəlki 63.399.955 manatlıq nizamnamə kapitalı 16.531.062 manat azaldılaraq 46.868.893 manat həcmində müəyyən edilib.
Qeyd edək ki, MMC 2004-cü ilin iyun ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Axundov Sənan Firudin oğludur.
“Sinteks” MMC regionda dəb və həyat tərzi sahəsində tanınan aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət hazırda 100-dən çox qlobal brendin yerli təmsilçisidir. Onlar arasında "GUCCI", "CHANEL", "Dior", "Burberry", "Zegna", "Fendi", "Prada", "Versace" və digər tanınmış markalar yer alır.
Şirkət həmçinin “Emporium”, “Premium Outlet”, “Boğça”, “Loop” və digər daxili brendlərlə də bazarda yer alır.