BAKI, 15 oktyabr. TELEQRAF
Bu gün Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı" keçirilir.
Teleqraf xəbər verir ki, konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir.
Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılacaq.
Əlavə olaraq, tədbirdə “Rifah” və “Tibbi turizm” mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirak edəcəyi sərgi təşkil olunacaq.
Xatırladaq ki, bundan öncə 2024-cü ilin 28-29 oktyabr tarixlərində Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil edilib.