BAKI, 10 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz 143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları 45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞ dolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dolları və ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min ABŞ dolları və ya 1% artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.