BAKI, 9 oktyabr. TELEQRAF

Son həftələrdə dünya bazarında qızılın qiymətində davamlı artım müşahidə olunur. Bu da həm inflyasiya təzyiqləri, həm də FES-in yumşaq faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqələndirilir. Avqustdan etibarən qızılın unsiyası 670 dollar artaraq, cəmi iki ay ərzində 20 faizdən çox yüksəlib. Bakı vaxtı ilə saat 17:30-a görə qızılın bir unsiyası 4054,11 dollar səviyyəsində ticarət olunub ki, bu da ilin əvvəlindəki göstəricidən təqribən 50 faiz çoxdur.

Teleqraf xəbər verir ki, Kanadanın aparıcı investisiya bankı - "TD Securities" bankının əmtəə strategiyaları üzrə rəhbəri Bart Melekin fikrincə, qızılın bir unsiyasının 4000 dollarını keçməsi bazarda qısamüddətli dalğalanmalara səbəb ola bilər. Lakin hazırkı “buğa” (yəni artım yönümlü) tendensiyasını dayandıra biləcək amillər çox azdır.

Onun sözlərinə görə, qızılın qiymətindəki kəskin artım fonunda bəzi investorların qazanc əldə etmək üçün yaxın zamanda qızıl satışını çoxaltma riski var.

“Artan bazar volatilliyi qiymətlərdə korreksiya yarada bilər. Belə bir halda, geri çəkilmə mümkündür”, – deyə Melek bildirib.

Analitik hesab edir ki, qiymətlərin azalması riski alış üçün əlverişli imkan yarada bilər. O, qızılın yüksəliş trendinin 2026-cı ilin ortalarına qədər davam edəcəyini proqnozlaşdırır.

“2026-cı ilin ilk yarısında qızılın orta qiyməti yeni rekord müəyyən edərək 4400 dolları keçəcək".

"Əgər əvvəlki dövrlərdə bazarın sabitliyini əsasən mərkəzi bankların tələbi təmin edirdisə, indi əsas artım amili FES-in yumşaq faiz siyasətinə dair gözləntilərlə bağlıdır. Qısamüddətli yüksək faizlər səbəbindən bu rallinin (qiymət artımı) əvvəlini qaçıran investorlar yay aylarının sonunda bazara daxil olmağa başladılar".

Melekin fikrincə, ABŞ-da davam edən siyasi təzyiqlər FES-i gözləniləndən daha aqressiv şəkildə faizləri azaltmağa məcbur edə bilər.

"TD Securities" şirkətinin analitiki hesab edir ki, Çin başda olmaqla mərkəzi banklar ABŞ dollarındakı aktivlərinin payını azaldaraq qızıl ehtiyatlarını artırmağa davam edəcəklər.

Hazırda Çin 2022-ci ildən bəri aktiv qızıl alışı həyata keçirsə də, bu metalın payı ölkənin ümumi valyuta ehtiyatlarında cəmi 7,6 faiz təşkil edir.

“Çinin qızıl ehtiyatlarını artırmaq üçün hələ də böyük potensialı var. Müqayisə üçün, ABŞ-nin valyuta ehtiyatlarında qızılın payı təxminən 75 faizdir. Əgər Çin bu payı 10 faiz artırmaq istəsə, bu, təxminən 2600 ton əlavə alış deməkdir. Bu da dollardan uzaqlaşma prosesinin illərlə davam edəcəyini göstərir”, – Melek qeyd edib.