BAKI, 9 oktyabr. TELEQRAF
Dünya üzrə milyarderlərin 20%-i Avropada yaşayır. Almaniya milyarder sayına görə qitədə birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb.
Teleqraf xəbər verir ki, “Our World in Data” elmi nəşrinin məlumatına görə, Avropada gəlir bərabərsizliyi də ciddi problemdir.
“Forbes”in məlumatına əsasən, 2025-ci ildə dünyada 3 mindən çox milyarder var və onların ümumi sərvəti 16,1 trilyon dollar təşkil edir. Bu sərvətin yarıdan çoxu ABŞ, Çin və Hindistanın payına düşür.
Almaniyada 171 milyarderin ümumi sərvətəri 676,4 milyard avro təşkil edib. Ölkənin ən varlı şəxsi “Lidl” və “Kaufland” şəbəkələrinin sahibi Diter Şvartsdır – onun sərvəti 35 milyard avro qiymətləndirilir.
İtaliya milyarder sayına görə, Avropada ikinci yerdədir – 74 milyarder, ümumi sərvətləri 289 milyard avrodur. Ən varlı şəxs “Ferrero” şirkətinin rəhbəri Covanni Ferrerodur – 32,6 milyard avro.
Böyük Britaniyada isə 55 milyarder var, onların ümumi sərvəti 203 milyard avrodur. Ən varlı şəxs Avropanın üçüncü ən böyük hedcinq fondu “BlueCrest Capital Management”in həmtəsisçisi Maykl Plattdır – onun sərvəti 14 milyard funt sterlinq təşkil edir.
Fransalı milyarder Bernar Arno dünyanın ən varlı beşinci şəxsidir.

“Forbes”in 2025-ci il siyahısına əsasən, Fransada 52 milyarder var və bu göstərici ilə ölkə Avropada dördüncü yerdə qərarlaşıb. LVMH lüks brend imperiyasının rəhbəri Bernar Arno — “Louis Vuitton”, “Christian Dior”, “Sephora” və digər markaların sahibidir. Onun sərvəti 152 milyard avro (178 milyard dollar) qiymətləndirilir. Arno 2024-cü ildə dünyanın ən varlı insanı olub, lakin bu il beşinci yerdədir. O, Fransada sərvət vergisi ilə bağlı müzakirələrin əsas fiqurlarından biri sayılır və bu addıma qarşı çıxır.
Avropada 50-dən çox milyarderə malik ölkələr Almaniya, İtaliya, Böyük Britaniya və Fransadır.
Siyahıda növbəti yerləri İsveç (45 milyarder) və İsveçrə (42 milyarder) tutur. İsveçin ən varlı şəxsi “H&M” şirkətinin sahibi Stefan Perssondur – onun sərvəti 15,9 milyard avrodur.
Avropanın beş ən böyük iqtisadiyyatı arasında İspaniya milyarder sayına görə sonuncudur – ölkədə 34 milyarder var. Onların ən varlısı “Zara” brendinin sahibi Amansio Orteqadır – onun sərvəti 106 milyard avro qiymətləndirilir və dünyada 9-cu yerdədir.

Türkiyədə isə 32 milyarder var. Türkiyədən sonra milyarderlərin sayı kəskin azalır – siyahıda növbəti ölkə Norveçdir, burada cəmi 17 milyarder var.
Digər Avropa ölkələrində milyarderlərin sayı belədir: Yunanıstan – 16, Niderland – 13, İrlandiya, Belçika və Çexiya – 11, Polşa və Kipr – 10, Avstriya və Danimarka – 9, Finlandiya – 7, Rumıniya – 6, Macarıstan – 4, Slovakiya və Bolqarıstan – 2, Portuqaliya, Lüksemburq, Xorvatiya, İslandiya və Albaniya – 1.
Avstriyanın ən varlı şəxsi “Red Bull” şirkətinin varisi Mark Matesçitzdir – onun sərvəti 34,6 milyard avrodur və o, dünya üzrə 38-ci yerdə qərarlaşıb.
Ümumilikdə, milyarderlərin əsas hissəsi Qərbi və Şimali Avropada cəmlənib. Almaniya, İtaliya, Böyük Britaniya, Fransa və İsveç birlikdə Avropadakı ümumi milyarderlərin 61%-ni təşkil edir. Şərqi Avropa isə bu baxımdan xeyli geridə qalır.
Mütəxəssislərin fikrincə, ölkənin iqtisadi ölçüsü milyarderlərin sayına birbaşa təsir göstərir. Milyarderlərin ən çox olduğu dörd ölkə Avropanın ən iri beş iqtisadiyyatı arasında yer alır.