BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına dair Səhmdarlar Müqaviləsi imzalanıb.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
Görüşdə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub. Azərbaycan-Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının iqtisadi əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb.
Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanda yaradılmış investisiya imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarında sahibkarlarlığın inkişafı üçün tətbiq olunan güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonaları” elan edilib, bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, irimiqyaslı layihələrin icrası, nəqliyyat-logistika imkanlarının genişlənməsi regionun inkişafında mühüm rol oynayır.
Vurğulanıb ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib və bu, Azərbaycan–Oman iqtisadi əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.
Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.