BAKI, 2 oktyabr. TELEQRAF

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl şəhərində bina, park və kəndlərlə bağlı layihələndirmə, nəzarət xidmətlərinin satın alınması ümumilikdə 1 milyon 873 min 73 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, xidmət bu məqsədlə “Azin Construction” MMC ilə iki müqavilə imzalayıb.

Qurum şirkətə Cəbrayılda yerləşən inzibati binanın işçi layihəsinin hazırlanması və interyer dizaynının layihələndirilməsi üçün 790 min 10 manat, parkın layihələndirilməsi üçün isə 835 min 440 manat ödəyəcək.

Bundan əlavə, xidmət Bakı Dövlət Layihə İnstitutu ilə rayonun Soltanlı kəndinin tikinti-quraşdırma işləri üzrə müəllif nəzarəti xidmətinin göstərilməsi üçün 247 min 623 manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, “Azin Construction” MMC ilə imzalanmış müqavilələr 2026-cı il mayın 5-dək, Bakı Dövlət Layihə İnstitutu ilə bağlanmış müqavilə isə 2027-ci il fevralın 19-dək yekunlaşdırılmalıdır.