BAKI, 29 sentyabr. TELEQRAF

"Cəmi beş il əvvəl sadəcə bir korporativ görüş kimi başlayan bu təşəbbüs bu gün artıq regionun innovasiya, investisiya və texnologiya üzrə aparıcı platformasına çevrilib".

Teleqraf xəbər verir ki, bu barədə PAŞA Holdinqin baş icraçı direktoru Cəlal Qasımov "İnmerge" İnnovasiya Sammitinin məqsədlərindən danışarkən bildirib:

"Bu gün "InMerge" Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən siyasətçiləri, innovatorları, investorları, korporasiyaları, startapları və ekosistem qurucularını bir araya gətirən Mərkəzi Avrasiya məkanının ən böyük innovasiya tədbiridir.

5 mindən çox iştirakçı burada toplaşıb ki, ideyalarını paylaşsın və gələcəyi birgə qursun. 8 əsas istiqamət üzrə 150-dən çox spikerin çıxışını dinləyəcəyik: fintex və məsuliyyətli bankçılıqdan tutmuş, məlumat və süni intellekt, Sənaye 4.0, telekommunikasiya, marketinq, investisiya və e-ticarət sahələrinə qədər. Burada 100-dən çox startap mövcud imkanların sərhədlərini genişləndirir, 80-dən artıq vençur fondu isə onların inkişafına dəstək vermək üçün buradadır".