BAKI, 29 sentyabr. TELEQRAF
Hazırda təxminən 2 milyon Azərbaycan vətəndaşı "MyGov" platformasından aktiv istifadə edir.
Teleqraf xəbər verir ki, bunu "İnmerge" İnnovasiya Sammitində rəqamsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, vətəndaşlar bir kliklə bütün dövlət xidmətlərindən yararlana bilirlər:
"ABŞ-nin dəstəyi ilə yaxın aylarda mikro-biznes platformasını istifadəyə verəcəyik ki, bizneslərimiz bütün dövlət xidmətlərinə bir pəncərə prinsipi ilə çıxış əldə etsinlər. SİMA – biometrik imzadır. Onun hal-hazırda 6,3 milyon aktiv istifadəçisi var və fəxrlə deyə bilərəm ki, biz gündəlik həyatımızda bu texnologiyadan fəal istifadə edən azsaylı ölkələrdən biriyik".