BAKI, 26 sentyabr. TELEQRAF
Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvanlar arasında epizootiya əleyhinə peyvəndlər anbara 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayında mədaxil edildiyi halda 2024-cü ildə gecikdirilərək istifadə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən istifadə olunmasına dair uyğunluq auditinin nəticələrində qeyd edilib.
Bildirilib ki, Agentlik istifadə müddəti bitməsinə az qalmış 2 milyon 795 min 230 doza peyvəndi ölkənin 64 rayonuna göndərib. Bu isə peyvəndlərin iribuynuzlu heyvanlara vurulduqda belə müddətli immunitet yaratmasına və dövlət vəsaitlərinin səmərəli istifadəsinə risk yaradıb.
Bundan əlavə, dabaq xəstəliyinə qarşı 64 min 545 doza peyvənd də “təkrar peyvəndləmə” adı ilə uçotdan silinib. Nəticədə əlavə xərclərə yol verilib.