BAKI, 26 sentyabr. TELEQRAF
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmayıb, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilib.
Teleqraf xəbər veri ki, bu barədə Hesablama Palatasının Agentliyin tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditinin nəticələrinə dair məlumatda qeyd olunub.
Bildirilib ki, agentlik və tabeli qurumlar tərəfindən auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib.
Agentlik tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.
Audit zamanı Agentliyin balansında olan nasos stansiyalarına quraşdırılan bir sıra avadanlıqların Forma 2 sənədlərində göstərilən yerlərdə deyil, faktiki olaraq digər nasos stansiyalara quraşdırıldığı, həmçinin Agentliyin və tabe təşkilatların əsas vəsaitlərinin bir hissəsinin yararsız halda olduğu, 37 ədəd subartezian nasosunun quyulara quraşdırıldıqdan sonra balansdan silindiyi müəyyən edilib və həmin nasosların balansda qeydə alınması təmin edilib.
Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən edilib. Ümumilikdə, 1 milyon 66 min 288 kub metr içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilib.