BAKI, 20 sentyabr. TELEQRAF
Rusiya hələ dördgünlük iş həftəsinə keçməyə hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə bir sıra ekspertlər TASS agentliyinə danışıb.
Ekspertlərin fikrincə, dördgünlük iş həftəsinə keçid yalnız əmək məhsuldarlığının ciddi artımı və yeni iş yerlərinin yaradılması mexanizmlərinin mövcudluğu ilə mümkün ola bilər.
"Rusiya hələ dördgünlük iş həftəsinə keçməyə hazır deyil. Daha az işləmək və eyni inkişaf tempini saxlamaq üçün biz əmək məhsuldarlığını artırmalıyıq", - Rusiya Prezident Akademiyasının Milli İqtisadiyyat kafedrasının dosenti Vladimir Lyubetski qeyd edib.
Akademiyanın digər bir elmi işçisi Viktor Lyaşok isə bildirib ki, dördgünlük iş rejimi yalnız tələbin azaldığı mövsümlərdə və bəzi sahələrdə iqtisadi baxımdan əsaslandırıla bilər. Onun sözlərinə görə, bu keçid əməkhaqqının azalmasına da səbəb ola bilər.
Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Farida Mirzabalayeva isə vurğulayıb ki, belə sistemin tətbiqi üçün peşəkar idarəetmə, hüquqi baza və əmək təşkilatında yeni yanaşmalar tələb olunur.
O, dördgünlük iş rejiminin daha çox İT, konsaltinq və kreativ sahələrdə mümkün ola biləcəyini bildirib.