BAKI, 17 sentyabr. TELEQRAF

Kapital və maliyyənin hərəkəti balansında 2,8 milyard dollarlıq kəsir formalaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, kəsiri formalaşdıran əsas amil ölkənin xalis maliyyə aktivlərinin təxminən 3 milyard dollar artması olub. Xalis maliyyə aktivlərinin artması da xaricə yönəldilmiş birbaşa investisiyalar (0.5 milyard dollar), portfel investisiyaları (1 milyard dollar) və digər investisiyalar (1.5 milyard dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195.8 milyon dollar), neft bonusu (450.2 milyon dollar), portfel investisiyaları (-24.9 milyon dollar) və digər investisiyalar (0.5 milyon dollar) hesabına formalaşıb.