BAKI, 12 sentyabr. TELEQRAF
Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Mahmud Rəhimov” universal quru yük gəmisi təmir olunub.
ASCO-dan Teleqraf-a verilən məlumata görə, gəminin baş mühərrikləri yenisi ilə əvəz olunub, köməkçi mühərriklər isə təmir edilib.
Bundan əlavə, gəminin mexanizmləri, hava kompressorları sazlanıb. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları, anbar qapaqları təmir edilib.
Həmçinin, rabitə və elektroradionaviqasiya sahəsinə də aid işlər görülüb. Gəmidə müasir, yeni 1 ədəd elektron xəritə quraşdırılaraq, 2 ədəd VHF tipli daşınan əl radiostansiyası ilə təchiz edilib.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və Aktau limanına doğru ilk səfərə yola salınıb.
Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni 16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.