BAKI, 10 sentyabr. TELEQRAF
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.
Teleqraf-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlum olub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil olan tibbi müəssisələri də yoxlanılır.
Artıq bir müddətdir Hesablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayır.
Palata son olaraq İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının auditini aparmışdı. Maraqlı faktlar açıqlanmışdı.
Məlum olmuşdu ki, audit obyektləri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabatlılığı düzgün təşkil etməyib.
2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da bu, icra edilməyib.
Bundan əlavə, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla uyğun gəlmədiyi müəyyənləşdirilib.
Agentlik tərəfindən Hesablama Palatasına təqdim olunan məlumatların təhlili göstərib ki, xərclər çox nəzərdə tutulsa da icra səviyyəsi aşağı olub. Belə ki, hesabatlarda 2023-2024-cü illər üçün 2393,2 mln. manat və 2850,3 min manat xərc məbləğinə münasibətdə 81,1% və 78,5% vəsaitin icra edilməsi göstərilib.

Palatanın araşdırmasında qeyd edilirdi ki, səhiyyə sahəsində məqsədli tədbir və proqramlara ayrılmış vəsaitlərin büdcə qanunvericiliyinin tələblərinin pozulması ilə icrası dövlət büdcəsi ilə yanaşı icmal büdcənin kassa icrası göstəricilərinin təhrifinə səbəb olub. Vəsaitin ayrıldığı illərdə tam icra edilməməsi həmin ildə ayrılmış vəsaitlərin nəticəliliyinin əldə olunmasında əsaslı riskləri formalaşdırıb.
Bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan az proqnozlaşdırma aparılıb. Alınan dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildə çatdırılmayıb.
İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alış qiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilib.
Palatanın topladığı audit sübutları göstərir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam həyata keçirilməsi, o cümlədən dərman və tibbi sərfiyyatla təmin edilməsi fonunda dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxu özəl tibb müəssisələrində icra edilib.
Qeyd edək ki, Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən 14 sayda tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödənilib.

Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi əlverişli investisiya alətlərinin geniş istifadəsini məhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldə edilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2 dəfədən az olmasına təsir göstərib.
Keçirilmiş satınalmalarla bağlı palatanın auidtində qeyd edilib ki, hesabat dövründə 277 satınalma keçirilib. Həmin satınalmalar nəticəsində 757 milyon 136 min manat dəyərində müqavilə bağlanılıb.
Keçirilən satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə nöqsanlara yol verilib. Alınan mallar sifarişçiyə vaxtında çatdırılmayıb, bağlanmış müqavilələrin icra faizləri aşağı olub. Alınan mallar anbarda hərəkətsiz qalıb, eləcə də il daxilində eyni mallar müxtəlif qiymətlərə satın alınıb. Məsələn, bir sıra mallar 2023-cü ildə 2022-ci ilə nisbətən, 2024-cü ildə isə 2023-cü ilə nisbətən əsaslandırılmamış şəkildə baha alınıb. Beləliklə, tender predmetinin səmərəli və effektiv bölgüsü uyğun aparılmayıb. Dərman vasitələri Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınıb.

Dərman, tibbi sərfiyyat avadanlıqlarının il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alsaq, malların məhz həmin il daxilində çatdırılmaması ehtiyac qruplarının səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.
Eləcə də informasiya sistemlərinin və avadanlıqlarının alışı zamanı ehtimal olunan qiymətlər idxal qiymətindən çox fərqlənib.

Bundan əlavə İcbari Tibbi Sığorta Agentliyi maliyyə intizamını pozaraq son üç ilin maliyyə hesabatlarını açıqlamayıb.Hesablama Palatası bunu daxili nəzarətin olmaması ilə əsaslandırıb.
Xatırladaq ki, İcbari tibbi Sığorta fondunun bu il üzrə gəlirləri 2 milyard 571 milyon 690 min manat proqnozlaşdırılıb. Nəticədə 2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.
Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat təsdiqlənib. Xərclərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılma xərclərinin payı 33 milyon 500 min manat (3,1 % çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 84 milyon 692 min manat (7,3 % çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərclərinin 47 milyon 300 min manat (1,5 % çox) nəzərdə tutulub.