BAKI, 8 sentyabr. TELEQRAF
Hesablama Palatası 2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasında qarşılaşılan riskləri açıqlayıb.
Palatadan Teleqraf-a verilən məlumata görə, bunlardan ən başlıcası büdcənin gəlirlərinin illik artımında hələ də əsas payın daha çox neft gəlirlərinə məxsus olmasıdır. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 milyon manat artıb. Bunun da 728,9 milyon manatı və ya 75,8%-i neft gəlirləri (əsasən də DNF) hesabına təmin edilib.
Palatadan o da bildirilib ki, büdcə gəlirlərinin icrası zamanı hüquqi aktlarda dəyişikliklər diqqətdə saxlanılmayıb. 2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 mln. manat) daxil edilib, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb.
Bundan əlavə bəzi xərc istiqamətləri üzrə büdcə intizamı aşağı olub. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 milyard manat icra edilib. Bu, cari il üçün təsdiq edilmiş məbləğin 41,3%-ni təşkil edir.
Qanunvericilikdə təsbit edilmədiyi halda vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilib. Hesabat dövründə 1395,4 mln. manat olmaqla, vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait nəzərdə tutulub. Halbuki “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait yönəldilməsi nəzərdə tutulmayıb.
Təminat Fonduna qaytarılması nəzərdə tutulan məbləğin icrası gözləniləndən aşağı olub. Təminat Fondundan ödənilmiş vəsaitlərin 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 milyon manatdan cari ilin 6 ayında 10,7 milyon manat qaytarılıb. Bu, ümumi proqnozun 5,3%-ni təşkil edib.
Hesablama Palatasının rəyində qeyd edilib ki, qapalı hərrac mexanizminin tətbiqinin uzunmüddətli perpektivdə risklərə səbəb olub.