BAKI, 2 sentyabr. TELEQRAF

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün "El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyəti ilə 9 milyon 889 min 264 manatlıq müqavilə imzalanıb.

Teleqraf xəbər verir ki, tikinti işlərinın gələn ilin aprel ayına qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Cəbrayılda Rayon Mərkəzi Xəstəxananın tikintisi ilə bağlı tenderin birinci mərhələsi 2023-cü ildə keçirilib. Satınalmanın qalibi “El-Seym İnşaat” QSC olub. Qalib şirkətə 17 milyon 328 min 200 manat ödənilib. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam (II mərhələ) ilə bağlı tender isə iyunda elan edilib.

Məlumat üçün deyək ki, prezident İlham Əliyev 2023-cü ildə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 150 çarpayılıq mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 000 min manat ayrılıb.

Diqqət çəkən məqam Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı ilə bağlı keçirilən ikinci tenderin qalibinin də "El-Seym İnşaat" olmasıdır. İyulda keçirilən tenderin ilkin qiyməti 9 milyon 929 min 735 manat olub. "El-Seym İnşaat" cəmi 40 min 471 manat ucuz təkliflə layihənin qalibi olub. Halbuki tenderin qalibi ən sərfəli qiymət təklifini verən şirkət olur.

Xatırladaq ki, "El-Seym İnşaat" bu il eləcə də Ağdamda O-129 üzrə binaların tikintisini də həyata keçirəcək. Şirkət bunun qarşılığında 8 milyon 775 min 244 manat alacaq.

Qeyd edək ki, “El-Seym İnşaat” 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 152 min manatdır. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Yaşar Kəmənd oğludur.