BAKI, 2 sentyabr. TELEQRAF

Rusiyanın “Gazprom” və Çinin CNPC şirkəti arasında “Sibirin Gücü – 2” qaz kəməri və Monqolustan ərazisindən keçəcək “Şərq Tərəfdaşlığı” tranzit qaz kəmərinin tikintisinə dair hüquqi öhdəlik daşıyan memorandum imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Gazprom”un rəhbəri Aleksey Miller deyib.

Miller bildirib ki, Pekində imzalanan memorandum “Sibir Gücü – 2” layihəsi üzrə 30 illik razılaşmanı nəzərdə tutur və bu marşrutla tədarükün qiyməti Avropaya satılan qazın dəyərindən daha aşağı olacaq.

Onun sözlərinə görə, “Qazprom” və Çin CNPC şirkəti “Sibir Gücü” kəməri ilə Çinə qaz nəqlinin artırılması barədə də sənədlər imzalayıb. Beləliklə, illik həcmin 38 milyard kubmetrdən 44 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Bundan əlavə, “Uzaq Şərq marşrutu” üzrə tədarük həcmi də hazırkı 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırılacaq.

Aleksey Miller “Sibir Gücü – 2” layihəsinin dünya qaz sənayesində ən böyük və kapital tutumlu layihə olacağını qeyd edib

Millerin açıqlamalarından sonra “Gazprom”un səhmləri Moskva birjasında 1%-dən çox bahalaşıb. “Qazprom”un qiymətli kağızları 1,11% yüksələrək 136,41 rubla çatıb.

Xatırladaq ki, “Sibir Gücü – 2” magistral qaz kəməri layihəsi Qərbi Sibir yataqlarını Monqolustan ərazisindən keçməklə Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə birləşdirilməsini nəzərdə tutur. Layihə 2022-ci ilin yanvarında texniki-iqtisadi əsaslandırma mərhələsini keçib, Monqolustanın dövlət ekspertizası isə onu 2025-ci ilin martında təsdiqləyib.

Qeyd edək ki, Avropa bazarında sanksiyalarla üzləşən Rusiya Çin və Hindistana enerji ixracını artırıb. Kremlin məlumatına görə, Çin hazırda Rusiyanın ən böyük ticarət tərəfdaşı, Rusiya xam nefti və qazının əsas alıcısı, kömürün ikinci, maye qazın isə üçüncü böyük alıcısıdır.

“Gazprom” hazırda 2019-cu ilin sonunda işə salınan, 30 il müddətinə 400 milyard dollarlıq müqavilə çərçivəsində “Sibir gücü” adlı 3 min km-lik qaz kəməri ilə Çinə təbii qaz ixrac edir. 2024-cü ildə ixrac həcmi təxminən 31 milyard kubmetr təşkil edib. Bu il isə həcmin planlaşdırılan 38 milyard kubmetrə çatacağı gözlənilir.

Bundan əlavə, 2022-ci ilin fevralında Çin Rusiyanın Uzaq Şərqində yerləşən Saxalin adasından çəkilən kəmər vasitəsilə 2026-2027-ci illərdə illik 10 milyard kubmetrə qədər qaz almağa razılıq verib.

Buna baxmayaraq, Rusiyanın Çinə qaz ixracı hələ də 2018-2019-cu illərdə Avropaya çatdırılan illik rekord 177 milyard kubmetrlik həcmin kiçik bir hissəsini təşkil edir.