BAKI, 19 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərən müəssisələrə 120,9 milyon manat məbləğində sərmayə yatırılıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 911,8 milyon manat investisiya yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artım deməkdir.
İnvestisiyanın 5 milyard 46,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib.