BAKI, 15 avqust. TELEQRAF
Bakıda 9-cu mikrorayon ərazisində yerləşən 9 otaqlı həyət evi 3 999 999 manata satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, ümumi sahəsi 1000 kvadratmetr olan mülk 10 sot torpaq sahəsində inşa edilib. Evin bir kvadratmetrinə düşən dəyəri isə 3 999 manatdır.
Bağ evi üç mərtəbədən ibarətdir. Aşağı mərtəbədə geniş qonaq otağı, mətbəx, sanitar qovşağı və qonaq otağından çıxışı olan teras yerləşir. Yuxarı mərtəbələrdə yataq otaqları, şəxsi sanitar qovşaqları, eyvan və istirahət zonaları mövcuddur.
Villada isti döşəmə sistemi, mərkəzləşdirilmiş istilik və soyutma sistemləri, müasir təhlükəsizlik avadanlıqları, sauna, qapalı hovuz, qaraj mövcuddur. İtalyan və Alman istehsalı aksesuarlar quraşdırılıb, Həyətyanı sahənin arxa hissəsində isə barbekü və açıq oturacaq zonaları təşkil edilib.
Qeyd edək ki, sözügedən villa fərdi memarlıq layihəsi əsasında inşa edilib və təmirdən sonra yaşayış olmayıb. Elanda qeyd edilənə görə, ev ipotekaya da yararlıdır.