TBİLİSİ, 15 avqust. TELEQRAF
Ötən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 83,9 milyon ABŞ dolları təşkil edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilib.
2023-cü illə müqayisədə sərmayələrin həcmində 15,25% azalma qeydə alınıb.
Hesabat ilində Azərbaycan Gürcüstanın ən əsas investor ölkələri arasında V yeri tutub. İlk beşlikdə Azərbaycanla yanaşı Böyük Britaniya (431.1 milyon ABŞ dolları), Niderland (230,9 milyon ABŞ dolları), Malta (191,7 milyon ABŞ dolları) və Türkiyə (110,3 milyon ABŞ dolları) yer alıb.
2024-cü ildə Gürcüstanda birbaşa xarici investisiyaların ümumi həcmi 1,6 mlrd. ABŞ dollarına bərabər olub ki, bu da illik müqayisədə 18,6% azdır. Ən çox sərmayə qoyulmuş sektorların ilk onluğuna maliyyə və sığorta, istehsal, daşınmaz əmlak, ticarət, nəqliyyat, energetika, informasiya və kommunikasiyalar, hotel və restoranlar, peşəkar, elmi və texniki fəaliyyət, incəsənət, əyləncə və istirahət daxil olub.