BAKI, 14 avqust. TELEQRAF
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il avqustun 12-nə olan operativ məlumata görə, biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 faizi biçilərək məhsul yığılıb.
Bu sahələrdən ümumilikdə 2 milyon 971,8 min ton məhsul əldə olunub, məhsuldarlıq isə 32,1 sentnerə bərabər olub. Yığılan məhsulun 1 milyon 582,8 min tonu (53,3 faizi) buğdadan, 1 milyon 349,9 min tonu (45,4 faizi) arpadan, 39,1 min tonu (1,3 faizi) isə digər dənli və paxlalı bitkilərdən ibarət olub.
Respublikanın 26 rayonunda biçin tam yekunlaşıb. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (51,4 sentner/ha), Ağcabədi (44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7) və İmişlidə (39,5) qeydə alınıb.
Digər rayonlarla müqayisədə ən çox məhsul Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton) və İsmayıllıda (95,7 min ton) toplanıb.