BAKI, 14 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 181 milyon 764,2 min manat vəsait geri qaytarılıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, geri qaytarılan vəsaitin 5 milyon 874 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir.
Bu məbləğə həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV daxildir.
Fiziki şəxslərə isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlər, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti, o cümlədən özəl tibbi praktika üzrə alınan mallar və xidmətlərə görə ödənilmiş ƏDV-nin 109 milyon 599,7 min manatı geri ödənilib. Bu məbləğə neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.
Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxslərə geri qaytarılıb.
Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsait isə 47 milyon 472,7 min manat təşkil edib.