BAKI, 12 avqust.TELEQRAF
Bu ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım qeydə alınıb.
ÜDM istehsalının strukturunda sənaye 35%, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,1%, nəqliyyat və anbar təsərrüfatı 7%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 6,3%, tikinti 6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8%, informasiya və rabitə 1,8%, digər sahələr isə 21,1% paya malik olub. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 7 min 76,9 manat olub.