BAKI, 28 iyul. TELEQRAF
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti paytaxtın daşınmaz əmlak və torpaq bazarı üzrə qiymətləri açıqlayıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, daşınmaz əmlak bazarının bütün seqmentlərində artım baş verib.
Belə ki, iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sot torpaq sahəsinin orta qiyməti 15,4% artıb. Cari ilin may ayı ilə müqayisədə isə 1 sot torpağın orta qiyməti 3,2% yüksəlib.
Paytaxtda iyun ayında qeyri-yaşayış obyektləri ötən illə müqayisədə 12,5%, may ayı ilə müqayisədə isə 1,7% bahalaşıb.
Yeni tikili mənzillərdə illik bahalaşma 15,9%, köhnə tikili mənzillərdə isə 12,2% olub. May ayına nəzərən yeni tikili mənzillərin qiymətində 1,7%, köhnə tikili mənzillərin qiymətində isə 1,4%-lik artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyununda Bakı şəhərində fərdi yaşayış evləri 13,5% bahalaşıb. May ilə müqayisədə isə bu sahədə artım 2,4% olub.